ALTINDAN XƏTT ÇƏKİLƏN MİSRA:
«..VƏTƏN! OĞLUNAMSA, DİZİN-DİZİN SÜRÜNƏCƏM YOLUNDA!»
«ÖLÜMDƏN QORXMAYAN MİLLƏTƏ ÖLÜM YOXDUR» Ş.M. XİYABANİ

Binoklu gözlərindən araladı. Bəbəklərində toplanmış hiss-hikkə, ağrı-acı toplanıb yığılıb damlalara döndü. Özünün özünə acığı tutdu. Dözə bilməmişdi: bu yerlər ona didərgin düşdükləri o yerləri xatırlatmışdı. Geniş həyətlərinin, axar-baxarlı el-obanı yada saldı. Təbiət elə həmin təbiətdir, təkcə insanlar fərqlidir. Oradakı torpaqlardan didərgin düşdülər, buradakı torpaqlarımızdasa…Binoklu bir daha gözlərinə yaxınlaşdırdı: erməni quldurları üzüm plantasiyalarında qan-yaş içində çalışan soydaşlarımızı - Xocalıda əsir alınmış qız-gəlini incidə-incidə işlədib ələ salırdılar… Hirsindən, hikkəsindən dil-dodağı təpimişdi. Yumruğunu tankın zirehli gövdəsinə elə çırpdı ki, ağrı beyninə kimi işlədi…

Axşamüstü şam yeməyindən sonra Şövqiyar əsəbi halda:

- Gündüz o gördükləriniz yadınızdadırmı? – deyə soruşdu. Heç kəs cavab vermədi. Hamının başı köksünə əyildi.

- Bu axşam Qarakəndə hücum var! – deyə Şövqiyar Abdullayev qəti qərar Verdi:

- Hər iki tankın ekipajı əmri yerinə yetirməyə hazır olsun!

Gecə elə bil dağlar, belə tanklara yol vermişdi. Tanklar elə bil qanad taxmışdı. Qarakəndə çatmaları ilə erməni quldurlarını əsir götürmələri bir oldu. İlahi, insanda nə qədər dözüm qüvvə və qüdrət varmış! Qapıları açılmış tövlədən çıxan Əsir qız-gəlin onların əllərini öpür, ayaqlarına düşürdülər. Neçəsi özünü tankların tırtıllarına atdı:

«Daha biz kimə lazımıq, heç olmazsa, heç olmazsa, öz tanklarımızın altında ölək, ay qardaş!».

Baş leytenant Qabil indi onu da xatırlayır ki, neçə erməni quldurunu Gülablıdakı Şəhidlər xiyabanına gətirdilər. Onları burada güllələdilər: şəhidlərin qanına qan aldılar; heç olmazsa ruhları şad olar, deyə….

O gecə hər iki tankın ekipajı rahat yatdı. Səhəri gün Gülablıdakı hərbi qüvvə yenidən hücuma keçərək Qarakənd, Dəhraz və Aranzəmin kəndlərini erməni-rus ordusundan təmizlədi. Döyüşdən sonra briqada komandiri E.Orucov gecəki hücum haqqında əmri kimin verdiyini soruşdu. Düzünü deməli idilər: hamı Şövqiyar Abdullayevin adını çəkdi. Tənbeh və cəza əvəzinə komandir hər cür hərbi qanun və intizamı yaddan çıxarıb Şövqiyarı bağrına basıb öpdü…

Şövqiyar Cəmil oğlu Abdullayev dünyaya Basarkeçər bölgəsinin Nərimanlı kəndində göz açmışdı. Sənədlərində təvəllüd günü 13 aprel 1969-cu il kimi qeyd olunub. Halbuki sonralar özü öyrənmişdi ki, aprelin 5-də anadan olub. Ona görə də aldığı ədəbi, Elmi kitabların titul səhifələrinə belə bir qeyd edərmiş: 50469. Kim bilir bəlkə də bunu özünə imza seçibmiş.

O, Azərbaycan Politexnik İnstitutunun birinci kursunu bitirib əsgər getmişdi. Tank qoşunlarında xidmət eləmişdi. Bakıya qayıtmışdı, çünki artıq el-oba doğma yurddan didərgin düşmüşdü. Vətənin ağır günlərində ordu sıralarına daxil olmuşdu.

Onların tank bölməsi Ağdamda yerləşirdi. İlk döyüş aprelin 26-da Şelli istiqamətində oldu. 3 gün sonra onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutub Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda döyüşlərdə iştirak etdilər.

Avqustun 23-də onlar Dranbon kəndinin müdafiəsinə kömək üçün göndərildilər, yarım saatlıq döyüşdən sonra kənd erməni-rus əsgərlərindən təmizləndi. İki gün sonra qüvvələrini artıran ermənilər hücuma keçdilər. Şövqiyarın tankı vuruldu, özü ayağından yaralandı. Ermənilər tələfat verib geri çəkildilər. Sakitlik idi və imkandan istifadə edib starşina Şövqiyar Abdullayevi qospitala çatdırdılar. Yaralanmışdı və sağalana qədər ona Bakıya getməyə icazə verildi. Etiraz edən Şövqiyar Cəmil oğlu və kövrək bir səslə: «Sizi qoyub gedə bilmərəm», - dedi. Silahdaşlarının yaddaşında ən kövrək bir xatirəyə dönüb bu sözlər ….. Qayıtmadı Bakıya, hissəyə döndü, yaralandı. Bir də niyə qayıtmalıydı? Bakıdan bir az əvvəl qayıtmışdı. Bir neçə gün evdə qalmış, dostları, tanışları ilə elə mehriban, elə şirin söhbətlər etmişdi ki…. Şövqiyar Abdullayev hissəyə döndü və avqustun 27-də günortadan sonra bizim mövqelərimizə hücum edildi. Döyüş dəhşətli idi, döyüş özü ilə ölüm gətirmişdi, ümidlər doğranırdı, arzular güllələnirdi. Ana torpaq uğrunda döyüş xeyli çəkdi və…. ölümün güllə qəhqəhələri ilə dolaşdığı səngərdə Şövqiyarın tankı vuruldu. Starşina ağır yaralandı və keçindi. Şövqiyarı Qabil Süleymanovun ekipajı təcili yardım maşınına qoyub bu yerlərdən uzaqlaşdırmaq istədi. Qabil Süleymanov, Bəxtiyar Dəmirov və daha üç döyüşçü idi. Heç 50-60 metr getməmişdilər ki, onları qaubitsa ilə vurdular. Bəxtiyar yaralanmışdı. Hələlik o birilərindən xəbəri yox idi. Güllələr susanda, toplar nəfəslərini dərəndə hər şey aşkarlandı: şəhidlər-Qabillə Şövqiyar qol-boyun olub yanaşı düşmüşdülər: Neçə-neçə döyüşdən salamat çıxmış Şövqiyar Abdullayev Dranbon döyüşündə 23 yaşında dünyasını dəyişdi.

Acıyamsa, bir tütün yarpağı say, məni, Vətən!

Şirinəmsə, yuxuna qat, yuxuna.

Zəhərəmsə, ödün olaydım, Vətən!

Oğlunamsa, dizin-dizin sürünəcəm yolunda!

İndi onun üçün ayrılmış güşədə xeyli kitab var və buradakı şerlər kitabından birində olan bu poetik incinin altından xətt çəkilib.

Şövqiyar Abdullayev oğul kimi Vətən yolunda dizin-dizin sürünmədi, döyüşdü, çarpışdı, vuruşda o torpağın, bu torpağın qisası naminə ölümün üstünə cəsarətlə yürüdü. Elin namus yükünə çiyin verdi, özünün cəsarəti ilə neçəsinin qəlbində qorxu mülkünü yıxdı Şövqiyar.

Dərdlilər dünyada yarımpeyğəmbər imiş. İnsanı dərd dilləndirir, dərd yaşadarmış. Cəmil Abdullayevlə görüşməyə vaxt seçmişdik. Deyilən vaxtda görüşə bilmədik. Səbəbini sonra öyrəndim: Milli Qəhrəman kimi Şövqiyar Abdullayevin təhsil aldığı ali məktəbə onun adını vermək təklifi ilə bağlı Universitetdən qayıdırdı. Milli Qəhrəmanla bığlı müvafiq sənəddə belə bir maddə var ki, qəhrəmanın adı yaşadığı küçəyə, evə, təhsil aldığı məktəbə verilə bilər. Şövqiyarın dünyaya göz açdığı kənd indi erməni tapdağı olub; ailəsi yaşayan küçə tanınmış yazıçının- Mir Cəlalın adını daşıyır, oxuduğu ali məktəbə onun adını vermək məsələsi hələlik istək və təklifdir. Əlaqədar təşkilatlar qarşısında kim bu məsələni qaldırmalı, həll etməlidir?

Bu da ata yanğısı, Bakıdakı 9 saylı məktəbin müəllimi C.Abdullayev: - Şövqiyar Dranbon döyüşünə getməzdən əvəl evə gəlmişdi. Bütün yaxın və uzaq qohum, dost və tanışlarla sonuncu dəfə görüşmək üçün gəldiyini heç ağlımıza da gətirmədik. Dostları ilə maraqlı, yadda qalan söhbətlər edib ki..İndi çoxu bu görüşün təəssüratını yada saldıqca yanıb yaxılır. Bacısı Sevincə diplomatın açarını verəndə deyibmiş:

-Diplomatımı kilidləmirəm, bəlkə tələsik nə isə götürməli olarsınız. Amma sonra diplomatı kilidləmək lazım gələr, onda yadında saxla ki, açarı sənə vermişəm, bağlarsan…

Diplomatda isə səliqə ilə yığılmış şəkillər, özünə Aid şəxsi şeylər, bizə gözdağı qalan əşyalar var imiş…

Bacısına söz veribmiş ki, tibb universitetinə daxil olsan, sənə elə bir hədiyyə alacağam ki….

Hədiyyə…..

Ötən ilin noyabrında Hədiyyə….

Ötən ilin noyabrında qəbul imtahanlarında Sevincin çəkdiyi ağrını tam kimsəyə qismət eləməsin: otağa hərbi geyimli abituriyent girəndə şəhid bacısının xatirələr dünyasına elə bir fırtına düşdü ki….

Şəhidlər xiyabanında avqustun 29-da torpağa tapşırıldı. Adı-soyadı Milli Qəhrəmanlar sırasına həkk olundu. Adı daş lövhədədir, xatirələri isə yoldaşlarının, dostlarının, yaşıdlarının, bacı-qardaşlarının yaddaşlarında yaşayır. Firuzə Abbas qızı ilə Cəmil Qurban oğlunun qəlbində bir həsrət, bir ağrı daşınır, oğul həsrəti, övlad dağı və bir də şəhid-qəhrəman oğul şərəfi…


Ş.MƏMMƏDOV