Ölüm sevinməsin qoy

Şövqiyar Abdullayev 1969-cu ilin aprel ayının 5-də qədim Göyçə mahalının Nərimanlı kəndində anadan olmuşdur. 1968-cı ildə orta məktəbi bitirib, sənədlərini Bakıda Azərbaycan Politexnik İnstitutunun avtomatika fakültəsinə verdi. Qəbul oldu. Az zamanda yüksək biliyi ilə müəllimlərinin rəğbətini qazandı. Hələ o vaxt Universitetin «Politexnik» qəzetində «Beləliklə ikinci beş zaçot kitabçasına yazıldı» başlığı ilə gedən məqalədə Şövqiyar barədə söhbət açılmış, onun yüksək biliyə malik olması layiqincə qiymətləndirilmişdir.

1989-cu ildə hərbi xidməti Monqolustanda başa vurub qayıdandan sonra Şövqiyar Göyçəni yerindən oynamış gördü. Milli ordunun sıralarına ilk könüllü yazılanlardan biri də Şövqiyar oldu.

Şövqiyarın ilk döyüşü 28 aprel 1992-ci ildə Şelli istiqamətində oldu. Aprel ayının 29-da Gülablı qəsəbəsinin işğalçılarından müdafiə etməyə göndərildi. Abdal, Aranzəmin, Pircəmal və Naxçıvanik kəndlərinin azad edilməsində Şövqiyarın səriştəli tank komandiri kimi böyük rolu olmuşdur. 1992-ci il avqust ayının 23-də E.Orucovun əmri ilə tankçılar Gülablıdan çıxarılaraq xüsusi tapşırıqla Ağdərə rayonunun Drımbon kəndinin erməni quldurlarından təmizləmək üçün həmin bölgəyə göndərildi. Üç gün düşmənlə qanlı döyüşlərə girən Şövqiyar Abdullayevin və Qabil Süleymanovun komandir olduqları tank heyəti azğın düşməni Drımbondan pərən-pərən saldı. Şövqiyarın tankı 2 dəfə vurulsa da igid döyüşçülərinin köməyi ilə Tərtər batalyonunun onlarca piyada hissəsini ölümün pəncəsindən xilas etdi.

Axırıncı dəfə avqust ayının 25-də vurularkən tank komandiri Ş.Abdullayev ayaqlarından yaralanmış, Bakıya göndəriləcəyini biləndə ayaqlarında qəlpə qospitaldan qaçaraq tankın komandirliyini yenidən öz üzərinə götürür. Onun yaralı-yaralı yenidən döyüşə qayıtması döyüş yoldaşlarını ruhlandırır. Avqust ayının 27-də Drımbon uğrunda döyüşlər davam edirdi. Şövqiyarın yaralı pələng kimi döyüşə atılması, əsil hərbiçilərə məxsus manevrlər etməsi düşməni çaş-baş salmışdı. Bu döyüşdə Şövqiyar Abdullayevin tankı üçüncü dəfə görünür, düşmən əsas zərbənin haradan gəldiyini duymuşdu. Şövqiyar özü yaralı halda tuşlayıcı-atıcı yerinə keçərək tankı avtomatik idarəetmə sistemi sıradan çıxdığından əli ilə idarə etməyə başlayır. O, düşmənin daha bir texnikasını və bir neçə piyadasını məhv edir. Bu zaman tank dördüncü dəfə düşmən tərəfindən vurulduğundan Şövqiyar ağır yaralanaraq huşunu itirir.

Yaralının döyüş nöqtəsindən uzaqlaşdırmaq istərkən hərbi tibb maşını düşmən tərəfindən atəşə tutulur. Döyüş yoldaşı Qabil Süleymanov Şövqiyarı vurulan maşından uzaqlaşdırmaq istərkən, maşında olan əl qumbarası partlayır. Şövqiyar və Qabil bir-birinə sarınmış halda şəhid oldular.

Taleyin hökmünə bir bax. Avqust ayının 25-də hərbi qospitaldan evə zəng vurub, avqustun 28-i gələcəyini demişdi. Şövqiyar avqustun 28-i sözünün üstündə duraraq evlərinə qayıtdı-ancaq Şəhid kimi.

P.S. 1992-ci il dekabr ayının əvvəllərində Azərbaycan Texniki Universitetinin müəllim-tələbə heyəti Şövqiyar Abdullayevin xatirəsini yad etmək üçün universitetin akt zalında gecə keçirilmişdir. Universitetin prorektoru (hal-hazırda rektoru) Allahverdi müəllim Şövqiyarla bərabər universitetdə yaradılmış müdafiə komitəsində birgə fəaliyyətlərindən söz açdı və Şövqiyarın xatirəsini əbədiləşdirmək üçün bir sıra vədlər verdi.

Şövqiyar Abdullayev universitetin 5-ci kursundan könüllü olaraq Milli Orduya getmişdir. Aəzrbaycan Texniki Universitetinin Azərbaycan Milli Qəhrəmanı Şövqiyar Abdullayevin adı verilməsi onun həyata daimi vəsiqəsi olardı. Bu həm də şəhid ailəsinə böyük bir təsəlli olardı.

Ramiz RÜSTƏMBƏYLİ