Milli Qəhrəmanlarımız Ulusan, Ulu ad daşıyacaqsan

Hər dəfə televizorda, radioda Telli saz dilə gələndə, «Göyçə gülü», «Yurd yeri» aşıq havaları səslənəndə göyüm-göyüm göynəyir, yaman kövrəlirdi. Çünki ermənilərin xəyanət toru sayəsində Ermənistanda qoyub gəldiyimiz digər ata-baba torpaqlarımız kimi, Göyçəmiz də əldən getmiş, o diyardan, o mahaldan bizə hələlik «Göyçə gülü» el havası nişanə qalmışdır….

Basarkeçərdən Azərbaycana pənah gətirmiş 40 mindən çox qaçqından biri də Nərimanlı kəndindən ağsaqqal müəllim Cəmil Abdullayevdir. El-obada onun barmaqla göstərilən ailəsində Şövqiyar adlı Vətən namusu çəkən, pərvanətək xalqının oduna yanan, qeyrətli, təssübkeş bir oğlu böyütmüşdü. Elə bir oğlu ki, tanıyanların hamısı Şövqiyara həsəd aparırdı, yaşına uyğun olmayan müdrik hərəkətləri adamları heyran qoyurdu.

1986-cı ildə orta məktəbi bitirən Şövqiyar Abdullayev Azərbaycan Texniki Universitetinin avtomatika fakültəsinə qəbul oldu. Tələbələr arasında barmaqla göstərilirdi. Tədris olunan fənləri həvəslə öyrənirdi Şövqiyar. Çalışırdı ki, ömrünün hər annı mənalı keçsin, dərs əlalçısı olmaqla yanaşı, oxuduğu ali məktəbin ictimai həyatında yaxından iştirak etsin. Bir sözlə, halal çörəklə böyümüşdü, xalqını, Vətənini sevən oğlan idi….

Son vaxtlar böyük bir dərd, ürəyinin tellərindən asılmış bir yük Şövqiyarı şam kimi əridir, qəlbini didib-parçalayırdı. Bud dərd Qarabağ dərdi, torpaq dərdi idi…

Qəm-qüssədən xilas olmağın yolunu Şövqiyar ancaq və ancaq könüllü olaraq Milli Orduya yazılmaqda, amansız düşmənə qarşı mərdi-mərdanə vuruşmaqda görürdü. Xocalı faciəsi isə onun xain qonşularımıza olan nifrətini, qəzəbini birə-beş artırdı. Universitetdə əyani təhsil alsa da, valideynləri ilə razılaşaraq əyninə əsgər paltarı geyinib odlu döyüş nöqtələrinə yola düşdü. Şövqiyar ata-anası, bacı-qardaşı, dost-tanışlarla görüşüb Bakıdan ayrılanda 1992-ci il martın 3-ü idi….

Şövqiyar Abdullayev Ağdamda Elxan Orucovun yeni yaradılmış tank briqadasına götürüldü. Burada tank komandiri kimi çox məsuliyyətli bir vəzifə tapşırıldı Şövqiyara. Göyçənin şahin oğlu hər an, hər dəqiqə döyüş meydanına, yağı düşməndən qisas almağa tələsirdi. Çox keçmədən tələbə tankçı cəbhənin odlu nöqtələrində ağır döyüşlərə atıldı, qanlı vuruşlarda iştirak etdi.

Şövqiyar bu bölgədə Azərbaycan Milli Ordusunun geniş miqyaslı əməliyyatında yaxından iştirak etmiş, Abdal, Pircamal, Aranzəmin, Naxçıvanik, Dəhraz və digər kəndlər uğrunda qanlı döyüşlərdə şəxsi igidlik və şücaət göstərmişdir. Ötən il avqustun 23-dən onu Ağdərədə vuruşan döyüşlərə köməyə göndərirlər. Drımbon kəndi ermənilərdən təmizlənərkən Şövqiyarın komandir olduğu tank iki dəfə vurulur. Bu döyüşlərdə ayağından yaralanarkən Şövqiyar gecikdirilmədən Ağdamdakı hərbi qospitala çatdırılır. Qospitalda tələbə döyüşçüyə məsləhət görürlər ki, müalicə üçün o, təcili Bakıya çatdırılmalıdır. Lakin Şövqiyar həkimlərin bu təklifi ilə razılaşmır.

- Mən cəbhə dostlarımı darda qoyub heç bir yerə gedəsi deyiləm, - deyə yarası sağalmamış yenidən Ağdərəyə qayıdır, döyüşləri davam etdirir. Avqustun 27-də qəfil düşmən gülləsi Şövqiyarı yaxalayır, bu qorxmaz türk oğlu yoldaşlarının qolları arasında gözlərini əbədilik yumur….

Xalqımızın azadlığı uğrunda qurban gedən, Azərbaycanın Milli Qəhrəmanı kimi fəxri ada layiq görülən Şövqiyar Abdullayev And yerimiz olan Şəhidlər xiyabanında uyuyur. Rahat yat, Şövqiyar! Qəbrin nurla dolsun! Əziz xatirən neçə ki dünya durur, Azərbaycan mövcuddur, xalqımızın yaddaşından silinməyəcəkdir….



Torpağın qoynuna girdin şəhidtək,

Ulusan, ulu ad daşıyacaqsan.

Şövqiyar, nə qədər bu torpaq durur,

Bu Vətən yaşayır – yaşayacaqsan.



Qədir Aslanov,

«İşıq» nəşriyyatının redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü